Haqqımızda

BİZ - ADL AİLƏSİ
1999-CU İLDƏN FƏALİYYƏT GÖSTƏRİRİK.

2000-Cİ İLDƏ İSƏ RƏSMİ OLARAQ QEYDİYYATA ALINDIQ.

Azərbaycan Diabet Liqası 14.09.2000-ci ildən dövlət qeydiyyatına alınaraq (şəhadətnamə No.1319) ictimai birlik kimi fəaliyyətə başladı.

Azərbaycanda diabetlə bir çox layihələrin və aksiyaların müəllifliyi məhz ADL-ə məxsusdur. Məsələn, Azərbaycanda ilk dəfə olaraq 2000-ci ildə diabetli uşaqlar və gənclər üçün yay düşərgəsi təşkil edildi.

İlk dəfə uşaqlar və gənclərin iştirakı ilə böyük səhnədə konsert oldu. İlk dəfə “Qaynar xətt” - telefonla yardım şəbəkəsi yaradıldı. İlk dəfə olaraq 2000-ci ildə Bakıda, Şəkidə və Salyanda 14 noyabr - Ümumünya Diabet Günü ictimai xarakter alaraq küçələrdə və parklarda keçirildi, təlimlə bağlı pilot layihələr həyata keçirildi və bir çox başqa layihələr ilk dəfə Azərbaycanda tətbiq edildi.

ADL-in missiyası: «Şəkərli diabetlə xəstə olan vətəndaşlarımızın həyat keyfiyyətini yüksəltmək, hüquqlarını müdafiə etmək və əhalinin sağlamlığının mühafizəsində yaxından iştirak etməkdir».

1

Diabetli insanları öz ətrafımıza toplamaq.

2

Həyat keyfiyyətini yüksəltmək.

3

Hüquqlarını müdafiə etmək.

4

Sağlamlığının mühafizəsində yaxından iştirak etmək.

Тəşkilat yarandığı gündən 3 proqram daxilində fəaliyyət göstərir. Bu proqramlar çərçivəsində 300-dən çox müxtəlif layihələr, tədbirlər və aksiyalar həyata keçirilib. Qeyd etmək lazımdır ki, ADL İB dövlət strukturlarının fəaliyyətini təkrarlamadan onların gördüyü işlərə dəstək olur. 3 proqram çərçivəsində görülən işlərin qısa təsviri:

Tibbi proqram çərçivəsində şəkərli diabetlə bağlı müxtəlif mövzularda еlmi-praktik seminarlar, konfranslar təşkil edilir. Şəkərli diabet xəstəliyinin terapevtik təlimi proqramını hazırlayıb və tətbiq edir, müxtəlif tibbi-maarifləndirici nəşrlər dərc edilib əhali arasında maarifləndirmə işi aparılır. Yoxsul, kimsəsiz üzvlərə pulsuz tibbi xidmətlər təşkil edilir. Şəkərli diabetin erkən aşkarlanması üçün skrininq layihələri həyata keçirilir. İSİM ilə birgə tibb bacılarına Pasiyentlərin Terapevtik Təlimi üzrə təlimçilər hazırlanır.

Hüquqi, sosial və humanitar yardım proqramı çərçivəsində adından da göründüyü kimi 3 istiqamətdə iş aparılır: 1) Hüquqi yardım məqsədilə «Qaynar xətt» telefon əlaqəsi (4980071) təşkil edilmişdir. Hüquqi maarifləndirmə məqsədilə digər tədbirlər də həyata keçirilir. ADL şəkərli diabetlə bağlı qanunvericilikdə aparılan dəyişikliklərlə əlaqədar (“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı” haqqında qanunun, “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın hazırlanması üçün) təşkil edilmiş işçi qrupuna daxildir. Sonralar «2005-2009-cu illər üçün Şəkərli diabetlə bağlı Dövlət Proqramı»nın icrası ilə əlaqədar monitorinqində də iştirak etmişdir. Hal hazıırda Səhiyyə Nazirliyində ictimai şuranın üzvüdür. 2 il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ictimai şuranın üzvü olub. 2-3) Sosial və humanitar yardım məqsədi ilə təşkilatın könüllüləri müxtəlif layihələr daxilində və tam sərbəst olaraq kimsəsiz və köməksiz əlillərə, ağır yataq xəstələrinə, qocalara, ehtiyacı olanlara evlərində yardım göstərilmişdir. Bu proqram daxilində diabetli gənc insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək məqsədi ilə pulsuz və ya böyük güzəştlə peşə kurslarında iştirakları təşkil edilir. Sonralar isə bir çoxlarının işlə təmin edilmələrində onlara yardım göstərilmişdir. Xarici və yerli təşkilatların köməkliyi ilə ehtiyacı olan üzvlərimizə dərman, qida və digər ləvazimatlarla humanitar yardım göstərilmişdir. Dəfələrlə qocalar evində humanitar və tibbi yardım göstərilib.

Fiziki və psixoloji yardım proqramı çərçivəsində Heydər Əliyev Fondunun prezidenti kimi və Milli Məclisin deputatı olaraq Birinci xanım Mehriban Əliyeva öz əmək haqqısından ADL-ə şəxsi yardım göstərmişdir. Bu maliyyə yardımı, eləcə də Gənclər və İdman Nazirliyinin, farmoseptik şirkətlərin və digər təşkilatların dəstəyi ilə hər il ADL şəkərli diabetlə xəstə olan uşaq və yeniyetmələr üçün xüsusi yay düşərgələri təşkil edir. Yaşlı diabetli üzvlər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin köməkliyi ilə Nabranda 10-15 günlük istirahət təşkil edilir. Psixoloji reablitasiya məqsədi ilə müxtəlif layihələr və maraqlı görüşlər təşkil edilir.